Ağdaşda Zəfərin beşinci ildönümü ilə əlaqədar tədbir keçirilib
Ağdaş, 7 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Ağdaş rayonunda 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərin beşinci ildönümü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Milli Məclisin deputatı Sahib Alıyev, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, qazilər, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyətin nümayəndələri və gənclər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, onun xatirəsinə ehtiramlarını bildirib, abidənin önünə gül dəstələri düzüblər.
Daha sonra tədbir rayondakı Heydər Əliyev Mərkəzində davam etdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda tarixi Qələbənin Azərbaycan xalqının birliyi, Ordumuzun rəşadəti və dövlət başçısının qətiyyətli siyasətinin parlaq nəticəsi olduğu vurğulanıb.
Qeyd olunub ki, bu Qələbə Azərbaycan dövlətinin müstəqillik tarixində ən şanlı səhifələrdən biridir və xalqımızın milli qürur mənbəyidir. Azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı bərpa, yenidənqurma və abadlıq işləri həyata keçirilir, bu proses Zəfərimizin davamı və möhtəşəm gələcəyimizin təməlidir.
Həmçinin Ağdaş rayonundan olan şəhid və qazilərin Vətən müharibəsində göstərdikləri igidlik və fədakarlıqlardan qürurla danışılıb, onların qəhrəmanlığının hər zaman hörmət və ehtiramla anıldığı qeyd olunub. Şəhid və qazilərimizin igidliyi, xalqımızın sarsılmaz iradəsi, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin ölkəmizin hərtərəfli inkişafında mühüm rol oynadığı vurğulanıb.