Agentlik: Əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılması sahəsində işlər davam etdirilir
Bakı, 7 mart, AZƏRTAC
Əqli mülkiyyət hüququnun sahibləri ilə işin təşkili, sıx və qarşılıqlı əlaqələrin təmin olunması məqsədilə, 2023-cü ildə patent sahibləri ilə əyani və müxtəlif texniki vasitələrin köməyilə sənaye mülkiyyət obyektləri ilə bağlı görüşlər keçirilib. Keçirilmiş görüşlərin nəticəsinə və aparılmış qiymətləndirmələrə əsasən, kommersiyalaşdırılma potensialına malik olan əqli fəaliyyət nəticələri ümumiləşdirilərək vahid məlumat bazasına daxil edilib.
Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, bu görüşlər nəticəsində ilkin olaraq
3 əqli fəaliyyət nəticəsinin kommersiyalaşdırılması sahəsində işlərin davam etdirilməsi nəzərdə tutulur:
1. Elastik diş qarnituru - Ortopedik stomatologiyada hazırlanan protezlərdə dişlərin amortizasiyasını təmin etməklə çeynəmə zamanı çənə və damaq zədələnmələrinin qarşısını alır.
2. İdman trenajoru qurğusu - Bu əqli fəaliyyət nəticəsi idman qurğusu olub, ev, ofis və analoji şəraitdə yaydan ibarət köməkçi mexanizm vasitəsilə əzələlərin əsas qrupunun (sinə, qol, kürək, ayaq) məşqi üçün nəzərdə tutulub. Qurğu turnikdə dartınma, paralel qollarda enib-qalxma, oturub-durma kimi əsas hərəkətlərin yerinə yetirilməsini təmin edir.
3. Bitki mənşəli homeopatik immunotrop preparat və homeopatik məlhəm - Bitki mənşəli homeopatik preparat 5 bitkidən hazırlanan preparat immun sisteminin zəifliyi, maddələr mübadiləsinin pozulması, yaddaş və diqqət pozğunluğu, ferment defisiti və s. problemlərin müalicəsində istifadə üçün yararlıdır. Məlhəmin damcı və qranul şəklində hazırlanması mümkündür.
Bitki mənşəli homeopatik məlhəm - 6 bitki qarışığından ibarət məlhəm səthi yanıqlar, revmatizm, travmatik zədələnmələr, köməkçi vasitə kimi bədxassəli şişlərin və digər xəstəliklərin müalicəsində istifadə oluna bilər.
Qeyd olunan əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılması istiqamətində işlər davam etdirilir.