AZƏRTAC-ın müxbiri xəbər verir ki, Ağsuda Gənclər evinin açılışı olmuşdur. Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə çıxış edənlər əsası ulu öndərimiz tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin uğurlu nəticələrindən, Prezident İlham Əliyevin gənclərə göstərdiyi böyük diqqət və qayğıdan danışmışlar. Belə bir fikir vurğulanmışdır ki, bu gün ölkəmizin həyatının bütün sahələrində çalışan gənclərimiz vətənimizin qüdrətlənməsi naminə əllərindən gələni əsirgəmirlər.
Mərasim iştirakçıları Milli Məclisin deputatı Ərəstun Cavadovun xeyriyyəçiliyi ilə müasir memarlıq üslubunda tikilmiş binaya baxmışlar. 7 otaqdan ibarət və hər cür avadanlıqla təchiz edilən gənclər evində kompyuter otağı, ingilis dilini öyrənənlər üçün, habelə ali məktəblərə hazırlıq üzrə pulsuz kurslar fəaliyyətə başlamışdır. Təcrübəli müəllimlərin rəhbərlik etdiyi kurslarda ilkin olaraq 60 nəfər gənc təhsil alacaqdır.