REGİONLAR
Ağsuda “Texnoloji qabiliyyətli müəllim” layihəsinin təlimləri başlayıb VİDEO
Ağsu, 29 oktyabr, AZƏRTAC
Ağsuda Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində “Texnoloji qabiliyyətli müəllim” layihəsinin təlimlərinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Aratkənd kənd məktəbində reallaşan təlimdə əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən Vətən oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Texnoloji qabiliyyətli müəllim” layihəsinin rəhbəri Aratkənd kənd tam orta məktəbin ibtidai sinif müəllimi Gülnarə Xalıqova çıxış edərək layihə haqqında iştirakçılara məlumat verib. Bildirib ki, layihənin əsas məqsədi təhsilə yararlı “veb 2” alətləri ilə müəllimləri tanış etmək, dərsə uyğun alət seçib hazırlayaraq tədrisdə tətbiq etmək, aktiv “etwining” fəaliyyəti üçün müəllimlərin motivasiyasını artırmaq və bu sahədə bilik və bacarıqlarını formalaşdırmaqdan ibarətdir. Layihəyə yalnız rayon məktəblərindən olan 30 müəllim qatılacaq və 3 ay müddətində həyata keçiriləcək.
Qeyd edək ki, layihə iştirakçı müəllimlərin xarici ölkələrdə çıxışlarının təmin olunmasında böyük rol oynayacaq. Belə ki, iştirakçı müəllimlər “etwininq” platformasında qeydiyyatdan keçirilərək xarici ölkələrlə əməkdaşlıq əlaqələri qurulacaq. Layihəyə gələn ilin fevral ayında yekun vurulacaq və iştirakçılara sertifikatlar veriləcək.