AİHM İsveçrəni irqçilikdə təqsirkar bilib
Bakı, 21 fevral, AZƏRTAC
Strasburqdakı Avropa İnsan Haqları Məhkəməsi (AİHM) İsveçrəyə qarşı ayrı-seçkilik və irqçilik zəminində hökm çıxarıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, İsveçrənin ictimai yayım şirkəti SFR-in məlumatına görə, AİHM çərşənbə axşamı İsveçrə əleyhinə qərar çıxararaq, qaradərili şəxsə qarşı yoxlamanın ayrı-seçkilik olduğunu və bir növ irqi profilləşdirmə təşkil etdiyini bildirib. Məhkəmə prosesi Sürixdə Keniya mənşəli bir adamın polisə şəxsiyyət vəsiqəsini göstərməkdən imtina etməsi və bundan sonra cərimə ödəməsi ilə bağlı keçirilib. Qaradərili şəxs bu cəriməyə etiraz edib, lakin üç yerli məhkəmə instansiyası polislərin haqlı olduqlarını təsdiqləyib.
Bununla belə, SFR-nin məlumatına görə, Avropa məhkəməsi şikayəti təmin edib və digər məsələlərlə yanaşı, Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş ayrı-seçkiliyi qadağan edən müddəaların pozulduğu təsbit olunub. Hakimlər yekdilliklə bildiriblər ki, şəxsiyyət vəsiqəsinin yoxlanılması ayrı-seçkilik xarakteri daşıyıb və İsveçrə məhkəmələri cəriməyə baxarkən bunu nəzərə almayıb.
Məhkəmə onu da bildirib ki, İsveçrədə irqi profilləşdirmə ilə bağlı qanuni müddəaların olmaması ayrı-seçkilik xarakterli şəxsiyyət vəsiqələrinin tez-tez yoxlanılmasına səbəb ola bilər. AİHM bu işi insan hüquqlarının müdafiəsi baxımından xüsusi əhəmiyyət kəsb edən məsələ və bütün üzv dövlətlər üçün bəzi fundamental suallara cavab vermək fürsəti kimi qiymətləndirib.
2021-ci ilin may ayında Corc Floydun ABŞ polisləri tərəfindən qətlə yetirilməsinin ildönümünü qeyd edən Avropa İttifaqının Fundamental Hüquqlar Agentliyi Avropada polis qüvvələri tərəfindən etnik azlıqlara qarşı ayrı-seçkiliyin miqyasına dair hesabat dərc edib. Bu sənəddə etnik azlıqların qitədə daha tez-tez saxlanılması və axtarışa məruz qalmasının ümumi tendensiya halına gəldiyi qeyd olunub.