MƏDƏNİYYƏT
“AİTF-2015” turizm sərgisi çərçivəsində növbəti görüş
Bakı, 3 aprel, AZƏRTAC
“AITF-2015” 14-cü beynəlxalq “Turizm və səyahətlər” sərgisi çərçivəsində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə “Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək” İctimai Birliyi, Azərbaycan Konqresler Bürosu, Litva Sağlamlıq Turizm Klasteri, “Naftalan Hotel by Rixos”, “Chinar Hotel & Spa Naftalan”, “Qafqaz Yengicə Termal Hotel və SPA”, “Duzdag Hotel”, “Qalaalti Hotel & Spa” mehmanxanalarının və “Uludağ” turizm və istirahət kompleksinin rəhbərləri ilə görüş keçirilib.
Görüş sağlamlıq turizmi üzrə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdən Mədəniyyət və Turizm Nazirliyinə daxil olan təkliflər əsasında reallaşıb. Beləki, təkliflərdə obyektlərin sağlamlıq turizmi üzrə maraqlarının müdafiə olunması, vahid koordinasiyanın və strategiyanın həyata keçirilməsi qeyd edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə görüşə dəvət olunmuş Litva Sağlamlıq Turizm Klasterinin təsisçisi Qrajvidas Markusun öz ölkəsi üzrə təqdimatı və MİCE turizm sahəsi üzrə Azərbaycan Konqreslər Bürosunun icraçı direktoru Florian Senqsşmitin bu sahədə qazandığı təcrübəni bölüşüb və tövsiyələri dinlənilib.
Sonda yekdilliklə sağlamlıq turizmi üzrə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək” İctimai Birliyinə üzv olması və müvafiq niyyət protokolunun imzalanması üçün növbəti görüşün keçirilməsi qərara alınıb.