“Akkord” nümayəndələri Qubada Soyqırımı Qurbanlarının məzarını ziyarət ediblər
Bakı, 2 aprel (AZƏRTAC). 31 mart - Azərbaycanlıların Soyqırımı Günü “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən özünəməxsus şəkildə qeyd edilmişdir. Direktorlar Şurasının qərarı ilə Korporasiya nümayəndələri Qubada - soyqırımı qurbanlarının kütləvi məzarlığını ziyarət etmişlər. “Akkord”un dəstəyi ilə Pirşağı qəsəbəsində yerləşən 2 Saylı Xocalı məktəbinin müəllim və şagird kollektivi, şəhid ailələri, mətbuat nümayəndələri də tədbirə qatılmışlar. Əyinlərində Korporasiyanın sifarişi ilə hazırlanmış “Stop genocide” yazılmış gödəkçələr olan nümayəndə heyəti və Xocalı sakinləri soyqırımı qurbanlarının kütləvi məzarlığı önünə əklil və tər çiçəklər qoymuşlar. Tədbirdə çıxış edən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Afaq Quliyeva bu məzarlıqda uyuyan soyqırımı qurbanlarına, həmçinin taleyinə oxşar soyqırımı faciəsini yaşamaq yazılmış Xocalı şəhidlərinə rəhmət diləyərək bu ziyarətin xüsusi əhəmiyyətindən danışmışdır.
Qeyd olunmuşdur ki, bu cür tədbirlərin keçirilməsi kin və nifrət duyğuları ilə qidalanan bir millətin qəsbkar siyasətinə, işğalçılıq niyyətlərinə, faşizm ideologiyalı sərsəm xülyalarından əl çəkməməsinə bir etirazdır.
Tədbirdə şəhid ailələrinin nümayəndələri də acı xatirələrini bölüşmüş, yetişən nəslin tarixin bu acı səhifələrindən dərs almalarının vacibliyini vurğulamışlar.