Aksel Vex: Avstriya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanlar var
Bakı, 15 yanvar, AZƏRTAC
Milli Məclisin deputatı, Azərbaycan-Avstriya parlamentlərarası dostluq qrupunun sədri Cavid Qurbanov Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aksel Vex ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə parlamentlərarası, eyni zamanda, müxtəlif sahələrdə əlaqələrin inkişafı yolları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb və əməkdaşlığın daha da artırılmasının vacibliyi vurğulanıb.
Səfir Aksel Vex Avstriya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanların olduğunu bildirib.
Milli Məclisin deputatı Cavid Qurbanov Azərbaycanla Avstriya arasındakı əlaqələrin mövcud durumunu yüksək qiymətləndirib.
Daha sonra Cavid Qurbanov səfirə yeni missiyasında uğurlar arzulayıb və parlamentlərarası dostluq qrupunun sədri kimi ikitərəfli əməkdaşlıqda yüksək nailiyyətlərin əldə olunmasına çalışacağını vurğulayıb.