QAN YADDAŞI
Aktauda 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma mərasimi keçirilmişdir
Aktau, 30 mart (AZƏRTAC). Azərbaycanın Aktaudakı baş konsulluğu 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma mərasimi keçirmişdir.
Tədbirin keçirildiyi salonda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı aktlarını əks etdirən fotosərgi, Heydər Əliyev Fondu tərəfindən çap olunmuş “Qarabağ həqiqətləri” kitabı və digər nəşrlər nümayiş etdirilmişdir.
Aktauda təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə keçirilən tədbirin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın Aktaudakı baş konsulluğunun konsulu Elxan Zeynalov XX əsrin əvvəllərində ermənilər tərəfindən azərbaycanlılara qarşı aparılmış soyqırımı siyasəti haqqında ətraflı məlumat vermiş, bu qanlı cinayətlərin uzun illər gizli saxlanmasından danışmışdır. Bildirilmişdir ki, 31 mart soyqırımına yalnız ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla hüquqi-siyasi qiymət verilmişdir.
E.Zeynalov 1905-1907 və 1918-ci illərdə ermənilər tərəfindən Bakı, Şamaxı, Quba, Göyçə, Zəngəzur və digər bölgələrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələrinin bütün dünyada tanıdılması istiqamətində çoxlu işlərin görüldüyünü diqqətə çatdırmışdır.
Sonra Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələri Aytən Məmmədova, Firuzə Nəsibova, İlkin Orucov və başqaları çıxış edərək ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması istiqamətində xaricdə yaşayan diaspor təşkilatlarımızın və gənclərimizin üzərinə böyük məsuliyyət düşdüyünü bildirmişlər.
Tədbirdə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən hazırlanmış “Bakı soyqırımı” sənədli filmi nümayiş etdirilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau