ALEKSANDR SOKOLOV: “QİTƏ ÇEMPİONATI AZƏRBAYCANDA BİLYARDIN İNKİŞAFINA TƏKAN VERƏCƏKDİR”
AZƏRTAC xəbər verir ki, bunu Bakıda təşkil olunacaq qitə çempionatı ilə bağlı mayın 14-də “Abşeron” mehmanxanasında keçirilmiş mətbuat konfransında Piramida üzrə Avropa Komitəsinin prezidenti Aleksandr Sokolov demişdir.
Bakıdakı qitə çempionatına əsasən, postsovet ölkələrini təmsil edən idmançıların gəldiyini deyən A.Sokolov bunu Avropada bilyardın bu növünün geniş yayılmaması ilə əlaqələndirmişdir.
Azərbaycan Bilyard İdmanı Federasiyasının prezidenti İlham Aslanov isə yarışların yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırmışdır. İ.Aslanov demişdir ki, Avropa çempionatının Bakıda keçirilməsi bizim üçün böyük nailiyyətdir. Çünki Piramida üzrə Avropa Komitəsi yarışı keçirmək üçün namizəd bir neçə ölkədən Azərbaycanı seçmişdir.
Bakı Olimpiya-İdman Mərkəzində keçiriləcək yarışda məşhur “Ruptur” firmasının istehsalı olan 8 bilyard stolu yerləşdirilmişdir. Avropa çempionatında 32 kişi və 16 qadın kiy ustası mübarizə aparacaqdır. Olimpiya sistemi üzrə keçiriləcək yarışda iki dəfə məğlub olan bilyardçı çempionatı tərk edəcəkdir.
Çempionatın mükafat fondu 15 min ABŞ dollarıdır. Mükafat fondunun 12 min ABŞ dolları kişilər arasında ilk səkkiz yeri tutan idmançılara çatacaqdır. Qalan üç min dolları isə qadınların mübarizəsində ilk 4 yerin sahibi arasında bölüşdürüləcəkdir.
Mayın 15-dən 18-dək keçiriləcək Avropa çempionatında Azərbaycan, Belarus, Gürcüstan, Latviya, Litva, Moldova, Rusiya, Ukrayna, Finlandiya və Almaniyadan olan kiy ustaları qüvvələrini sınayacaqlar.