ALİ MƏHKƏMƏNİN SƏDRİ FRANSADA VƏ ALMANİYADA SƏFƏRDƏ OLMUŞDUR
Seminarda “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının səmərəliliyinin artırılmasında və icrasında hakimlərin rolu” mövzusunda dialoq keçirilmişdir.
Respublika Ali Məhkəməsinin sədri Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəvəti ilə “Cənubi Qafqazda məhkəmə və hüquq islahatları” layihəsi çərçivəsində məhkəmələrin iş prinsipləri ilə tanış olmaq üçün yanvarın 23-dən 29-dək Almaniya Federativ Respublikasında səfərdə olmuşdur.
Ali Məhkəmənin sədri bu səfər çərçivəsində Federal Kanslerin dəftərxanası, Federal Konstitusiya Məhkəməsi, Federal Ali Məhkəmə, Heydelberq Torpaq Məhkəməsi, Federal Ədliyyə Nazirliyi, Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi və bir çox qurumlarda keçirilən görüşlərdə iştirak etmiş, ölkənin məhkəmə sisteminin işi, məhkəmə islahatlarının inkişafında hakimlərin və hüquq institutlarının rolu məsələləri ilə maraqlanmışdır.
Görüşlərdə Almaniya hüquq sistemi çərçivəsində Almaniya Federal Məhkəməsinin mülki proseslərdə funksiyası, Federal Konstitusiya Məhkəməsi ilə Federal Ali Məhkəmə arasında qanunvericiliklə müəyyən olunmuş vəzifələr, ədliyyə işinin səmərəliliyinin artırılması üçün Almaniyada islahatların keçirilməsi, cinayət prosesinin istintaqı çərçivəsində aşkarlığın təmin olunması, Cənubi Qafqaz regionunda məhkəmə-hüquq islahatlarının genişləndirilməsi, bu islahatların iqtisadiyyatın inkişafına təsiri, hakimlərin müstəqilliyi, məhkəmə proseslərinin şəffaflığı, Almaniya tərəfindən Qafqaz regionunda transformasiya prosesinə dair təcrübə, gələcəkdə bu prosesin həyata keçirilməsi və möhkəmləndirilməsi məqsədi ilə təkliflərin hazırlanması, hakimlərin təkmilləşdirilməsi və digər məsələlərə dair fikir mübadiləsi aparılmışdır.