ALİ MƏHKƏMƏNİN YENİ BİNASI TEZLİKLƏ İSTİFADƏYƏ VERİLƏCƏKDİR
Bakı, 8 may (AZƏRTAC). Azərbaycan Respublikası Ali Məhkəməsi üçün inşa edilmiş klassik üslublu yeni beşmərtəbəli inzibati bina tezliklə istifadəyə veriləcəkdir.
Paytaxtın Xətai rayonu ərazisində 2006-cı ildə təməli Prezident İlham Əliyev tərəfindən qoyulmuş binanın memarı Vüqar Həsənovdur. İnşaat işləri isə “Xəzər” Gənclərin Elmi-Texniki yaradıcılıq mərkəzi tərəfindən həyata keçirilmişdir.
Binada mərkəzləşdirilmiş havalandırma, soyutma və isitmə sistemləri, 5 lift quraşdırılmışdır. Otaqların arakəsməsi şüşədəndir. Binanın 1-ci mərtəbəsində 10-a yaxın böyük və kiçik məhkəmə zalları olacaq, təhlükəsizlik şöbəsi yerləşəcəkdir. 2-ci və 3-cü mərtəbələr sədarət və hakimlər üçün nəzərdə tutulmuşdur. Kitabxana, muzey 4-cü mərtəbədə, yeməkxana və texniki otaqlar isə sonuncu mərtəbədə yerləşəcəkdir. İclas zalları audio-video cihazlar, binanın girişi elektron kart sistemi, daimi video müşahidə və avtomat siqnalizasiya sistemi ilə təchiz olunmuşdur.
Məhkəmə binası üçün klassik üslub seçilmiş, bu zaman milli memarlıq elementləri, eləcə də dövlət atributlarının simvolikası nəzərə alınmışdır. Memarlıq həlli mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən yeni bina Azərbaycan Memarlar İttifaqının “Müstəqillik dövrünün ən yaxşı layihəsi” nominasiyası üzrə müsabiqədə ikinci mükafata layiq görülmüşdür.
Binanın tikintisində azsaylı çinli mütəxəssislərlə yanaşı, ümumilikdə 800-ə yaxın işçi çalışmışdır. Onlardan 400-ə yaxını binanın tikintisində istifadə olunan materialların hazırlanmasını təmin etmişdir.
######
