ALİ MƏKTƏB TƏLƏBƏLƏRİNİN XX RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİR
Təhsil naziri Misir Mərdanov açılış mərasimində çıxış edərək, xalqımızın dahi oğlu, müstəqil dövlətimizin banisi və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin elm və təhsilimizin inkişafına, onun dünya təhsil sisteminə inteqrasiya olunmasına daim böyük önəm verdiyini, ümummilli liderimizin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
Ölkəmizin nailiyyətlərindən, təhsilimizə göstərilən dövlət qayğısından danışan nazir, ali məktəblərin maddi-texniki bazalarının möhkəmləndiyini, respublikamızın Avropa təhsil məkanına - Bolonya prosesinə qoşulduğunu bildirmiş, eyni zamanda, tədbirin əhəmiyyətindən danışmışdır.
Qeyd olunmuşdur ki, ayrı-ayrı ali məktəblərin qatıldığı konfransa 484 məruzə təqdim edilmişdir.
Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri professor Şəmsəddin Hacıyev, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov və digər natiqlər də konfrans iştirakçılarını təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Sonra konfrans riyaziyyat, fizika, kimya, biologiya, geologiya, avtomatika və informatika, memarlıq və inşaat və digər bölmələr (ümumilikdə, 17 bölmə) üzrə işini davam etdirmişdir.