ALLAHŞÜKÜR PAŞAZADƏ II ALEKSİNİ “ŞEYXÜLİSLAM” ORDENİ İLƏ TƏLTİF ETMİŞDİR
40 ölkənin 200-dək ali din xadiminin qatıldığı forumun işinə ikinci gün Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə sədrlik etmişdir.
A.Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin və xalqımızın adından toplantı iştirakçılarına səmimi salamlar yetirmiş və uğurlar diləmişdir.
A.Paşazadə bəşəriyyəti düşündürən ən mühüm problemlərin forumun müzakirəsinə çıxarıldığını vurğulayaraq demişdir ki, buna görə də planetin müxtəlif guşələrində, o cümlədən Qafqazda Moskva sammitinə belə böyük diqqət yetirir və ümidlər bəsləyirlər.
O, Ermənistanın təcavüzünə məruz qalan Azərbaycanın ən ağrılı probleminə toxunaraq, Dağlıq Qarabağ münaqişəsinin ədalətlə nizama salınacağına ümid bəslədiyini söyləmişdir. Şeyxülislam demişdir: “Moskva sammiti xeyir və ədalət kimi humanist prinsiplərə sadiq qalaraq, millətlərarası münaqişələrin layiqincə həllinin əsas prinsipini bəyan etmək haqqına malikdir. Söhbət davakar separatizm və təcavüz, dövlətlərin ərazi bütövlüyünə qəsd siyasətindən əl çəkməkdən, beynəlxalq hüquq normalarına dönmədən əməl etməkdən, qarşı-qarşıya duran tərəflər arasında etimada və qarşılıqlı anlaşmaya nail olmaqdan gedir”.
Azərbaycanın dini lideri xüsusi vurğulamışdır ki, hansı məqsəd və şüarlarla həyata keçirilməsindən asılı olmayaraq, terrorizm və zorakılıq birdəfəlik və həmişəlik bəşəriyyətə qarşı cinayət elan edilməlidir.
Sammitdə çıxış edən digər dini liderlər də zorakılığı, terrorizm və ekstremizmi yekdilliklə pisləyərək bildirmişlər ki, dinin bu təzahürlərlə heç bir əlaqəsi yoxdur. Cəmiyyətdə və ümumən dünyada vəziyyəti ancaq tolerantlıq və dinlərarası dialoq sağlamlaşdıra bilər.
Ümumdünya sammitinin yekun bəyannaməsi Rusiya prezidenti Vladimir Putinə veriləcəkdir. O, bu sənədi “böyük səkkizliyin” Sankt-Peterburqda keçiriləcək görüşünə təqdim edəcəkdir.
Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksiyə “Şeyxülislam” ordeni təqdim etmişdir. Bu mükafata o, xalqlar arasında sülhə, qarşılıqlı anlaşmaya və həmrəyliyə nail olmağa, tolerantlığın həyat norması kimi bərqərar edilməsinə, millətlərarası münaqişələrin nizama salınmasına yönəldilmiş böyük səylərinə görə layiq görülmüşdür.