Alman dilində ölkəmizin turizm potensialına dair “Aserbaidschan” bələdçi kitabı nəşr olunub
Bakı, 27 fevral, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycanın Almaniyada turizm nümayəndəliyi olan “Aviareps Tourism GmbH” şirkəti arasında əməkdaşlıq çərçivəsində alman dilində ölkəmizin turizm potensialını özündə əks etdirən yeni “Aserbaidschan” bələdçi kitabı hazırlanıb və 5000 ədəd tirajla nəşr olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin salamlama məktubu ilə başlayan bu bələdçi kitabında Bakı şəhəri, Abşeron, UNESCO-nun dünya irsi siyahısına daxil olmuş Azərbaycanın mədəniyyət abidələri, milli mətbəximiz, xalqımızın mədəniyyəti və ölkəmizin əhalisi haqqında ətraflı məlumat verilir.
Bələdçi kitabında, həmçinin Azərbaycanda çimərlik, qış, dağ və müalicəvi turizmi haqqında məlumatlar və fotoşəkillər yerləşdirilib. Eyni zamanda, kitabda Azərbaycanda olan alman irsi üçün də yer ayrılıb.
“Aserbaidschan” bələdçi kitabı bu il martın 4 -dən 8-dək Berlin şəhərində keçiriləcək “İTB Berlin -2015” Beynəlxalq turizm sərgisində, Almaniyadan olan infoturlar zamanı və digər alman dilli ölkələrdə keçiriləcək beynəlxalq tədbirlərdə istifadə ediləcəkdir.
Kitabın elektron variantını aşağıdakı link vasitəsilə yükləmək olar: http://www.aserbaidschan-tourismus.de/de/multimedia-presentations/4-Pr%C3%A4sentation