ALMAN TƏDQİQATÇISININ QARABAĞ MÜNAQİŞƏSİ BARƏDƏ KİTABI MİSİRDƏ ƏRƏB DİLİNDƏ İŞIQ ÜZÜ GÖRMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Alman yazıçısı və publisisti Yohannes Raunun bir il əvvəl Almaniyada çapdan çıxmış “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi. Qisa tarixi xülasə” (The Naqorno-Karabakh Conflict between Armenia and Azerbaijan. A Brief Historical Outline”) kitabı Azərbaycanın Misirdəki səfirliyinin təşəbbüsü ilə ərəb dilinə tərcümə olunmuş və böyük tirajla nəşr edilmişdir. Qahirədə kitabın təqdimat mərasimi keçirilmişdir.
Kitab publisistin müstəqil tədqiqatları, şəxsi rəyi əsasında tərtib olunmuş və Dağlıq Qarabağ münaqişəsi barədə əcnəbi tədqiqatçının bitərəf mövqeyini əks etdirir. 22 ərəb ölkəsinin rəsmi şəxsləri və elm adamları tərəfindən maraqla qarşılanan kitabda Azərbaycanın ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması, 1992-ci ilin fevralında erməni silahlı qüvvələrinin Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi soyqırım, işğal olunmuş torpaqlardan yüz minlərlə azərbaycanlının didərgin salınması obyektiv və ətraflı işıqlandırılmışdır. Əsərdə ermənilərin, xüsusilə “Daşnaksütyun” partiyasının hələ XX əsrin əvvəlində təkcə azərbaycanlılara qarşı deyil, Azərbaycanda yaşamış digər xalqlara, o cümlədən almanlara qarşı da təqib və terror həyata keçirdikləri faktlarla sübuta yetirilir.
Kitabın nüsxələri Misirin rəsmi şəxslərinə, hökumət və qeyri-hökumət təşkilatlarına, elm, təhsil, mədəniyyət ocaqlarına, tədqiqat və araşdırma mərkəzlərinə, kitabxanalara, əcnəbi səfirliklərə, beynəlxalq və regional qurumların Qahirədəki nümayəndəliklərinə hədiyyə edilmişdir. Yeri gəlmişkən, həmin ünvanlardan səfirliyə müsbət rəylər daxil olmaqdadır.
Eyni zamanda, Misirin geniş oxucu kütləsinin kitabla yaxından tanış olması üçün səfirlik ölkənin məşhur “Al-Ahram” yayım agentliyi ilə nəşrin 1500 nüsxəsinin qurumun bütün vilayətlərdə fəaliyyət göstərən çoxsaylı kitab mərkəzlərinə çatdırılması barədə müqavilə imzalamışdır.