ALMANİYA KANSLERİ AVROPA SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNİ AÇIQLAMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniyanın federal kansleri Angela Merkel bundestaqın fövqəladə iclasında hökumət adından bəyanat vermişdir. Kansler Almaniya hökumətinin Avropa siyasətinin prioritet istiqamətlərini açıqlayaraq demişdir ki, “birləşmiş, vahid Avropa məfhumu Almaniyanın Avropa siyasətinin əsas qayəsi olmalıdır”. Angela Merkel etiraf etmişdir ki, dünyada, bəzi Avropa ölkələrində, o cümlədən Almaniyanın özündə, Avropanın artıq birləşməsinə, eləcə də Avropa İttifaqı məfhumunun mövcudluğuna bədbin münasibət hələ də qalmaqdadır. Ona görə də, biz dünya ictimaiyyətinə, xüsusilə Avropa vətəndaşlarına Avropa İttifaqı adlı vahid, qüdrətli dövlətlər birliyinin mövcud olması və üstünlükləri barədə həqiqətləri aşılamalıyıq. Avropa Konstitusiyasını dəstəklədiyini deyən Angela Merkel bildirmişdir ki, Almaniya 2007-ci ilin birinci yarısında Avropa Şurasına sədrliyi müddətində Konstitusiyanın ratifikasiyasına dəstək olmaq səylərini daha da artıracaqdır. Onun sözlərinə görə, bu gün birləşmiş Avropaya demokratik dəyərlərə söykənən, xalqların suverenliyi, hakimiyyətin cəmiyyətə tabe olması, üzv dövlətlər və onların vətəndaşlarının hüquq bərabərliyi prinsiplərinə və ali qanunlara əsaslanan işlək bir Konstitusiya mütləq gərəkdir.
Almaniyanın və Avropa İttifaqının qloballaşma dövründə digər
bölgələrlə gələcək münasibətlərinin siyasi, xüsusilə iqtisadi və humanitar istiqamətlərinə toxunan hökumət başçısı Almaniyanı, eləcə də Avropa İttifaqını bu işin uğuru naminə bürokratik maneələri aradan qaldırmağa çağırmışdır.