Almaniyada Azərbaycan və yəhudi icmalarının təmsilçiləri işgüzar görüş keçirmişlər
Berlin, 25 iyun (AZƏRTAC). Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) icraçı direktoru xanım Samirə Patzer-İsmayılova Berlin Yəhudi İcmasının inteqrasiya mərkəzinin icraçı direktoru xanım Eleonora Şaxnikova ilə görüşmüşdür. İşgüzar şəraitdə keçən görüşdə Samirə Patzer-İsmayılova AAKM-in fəaliyyəti haqda geniş məlumat vermiş və qeyd etmişdir ki, Mərkəzin strateji planlarından biri də mədəniyyətlərarası dialoqun yaradılması və onun genişləndirilməsidir. Samirə Patzer-İsmayılova əlavə etmişdir ki, dialoqun yaranmasını o, ilk növbədə Almaniyada yaşayan digər millətlərin icmaları ilə birlikdə işləmək, sosial həyatın müxtəlif sahələrində birgə layihələr təşkil etmək kimi addımlarda görür. Öz növbəsində, Eleonora Şaxnikova yəhudi icmalarının bir araya gəlib fəaliyyətlərini tənzimləməsindən söhbət açmışdır. Görüşdə Azərbaycan və yəhudi icmaları arasında dialoqun gücləndirilməsi, fəaliyyətlərin təkmilləşdirilməsi istiqamətində birgə layihələr müzakirə olunmuşdur.
Sonda azərbaycanlı rəssam Zabit Niftəliyev “Almaniya-Azərbaycan-İsrail” sərgisini təqdim etmiş və Azərbaycanda milli azlıqlara olan tolerant münasibətdən danışmışdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin