ALMANİYADA YAŞAYAN SOYDAŞLARIMIZ HƏMRƏYLİK NÜMAYİŞ ETDİRİRLƏR
Tədbirdə Milli Məclisin deputatı Gülər Əhmədova, Federasiyanın prezidenti Nüsrət Delbestə, Avropa Azərbaycanlıları Konqresi sədrinin müavini Murad Turan, Türkiyənin Berlindəki Baş konsulu çıxış etmişlər. Natiqlər Azərbaycandan kənarda yaşayan soydaşlarımızın Vətənlə əlaqələrinin genişləndirilməsi və onların problemlərinə dövlət səviyyəsində qayğı göstərilməsi sahəsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışmışlar. Diasporun dövlətçiliyimizin möhkəmlənməsinə verə biləcəyi töhfələr, 2005-ci ildə Azərbaycanda baş vermiş mühüm hadisələr, enerji sahəsində reallaşan böyük layihələr barədə də geniş fikir mübadiləsi aparılmışdır.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov çıxışında ölkəmizin siyasi, iqtisadi həyatında baş vermiş mühüm yenilikləri şərh etmiş, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin əsas istiqamətləri, qaçqınların və məcburi köçkünlərin problemləri və digər məsələlər barəsində məlumat vermiş, dövlətimizin başçısının Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xalqımıza müraciətini oxumuşdur.
Sonda milli musiqimiz səsləndirilmiş, milli mətbəximizdən nümunələr təqdim edilmişdir.