ALMANİYALI MUSİQİÇİ AZƏRBAYCAN KAMERA ORKESTRİNƏ DİRİJORLUQ EDƏCƏKDİR
-Möhtəşəm musiqi ocağı – Azərbaycan Dövlət Filarmoniyasının qədim binası əsaslı yenidənqurmadan sonra öz qapılarını sənətsevərlərin üzünə tamamilə yeni görkəmdə açmışdır. Bu münasibətlə mart ayında orada təntənəli bayram tədbirləri planlaşdırılır. Sevinirəm ki, bu dəfə mən dostlarımın dəvəti və təklifi ilə təntənəli musiqi məclislərində Azərbaycan Dövlət kamera orkestrinə dirijorluq edəcəyəm. Mən Azərbaycanın klassik musiqi bəstəçilərinin və dirijorlarının yaradıcılığına həmişə heyranlıqla yanaşmışam. XX əsrin görkəmli bəstəkarlarından biri olan Qara Qarayevin məşhur “Yeddi gözəl”, “İldırımlı yollarla”, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletləri nəinki Azərbaycanın, eləcə də dünyanın bir çox ölkələrinin opera teatrlarının repertuarlarında möhkəm yer tutmuşdur. Böyük Azərbaycan dirijoru, sənətinin vurğunu olduğum Niyazinin adı dünya musiqiçiləri arasında fəxrlə çəkilir. Fəxr edirəm ki, bu korifeylərin əsərlərindən ibarət klassik musiqi seçmələrindən bəzilərinə dirijorluq etmək işi mənə də etibar edilmişdir.