Almatıda koronavirusa yoluxmada son həftə ərzində ikiqat artım müşahidə edilib
Bakı, 23 iyun, AZƏRTAC
Son həftə ərzində Almatıda koronavirusa yoluxmada ikiqat artım müşahidə edilib.
AZƏRTAC bu barədə “Kazinform” agentliyinə istinadla xəbər verir.
Almatının baş dövlət sanitar həkimi Jandarbek Bekşin bəyan edib ki, şəhərdə son vaxtlar koronavirus infeksiyasına yoluxma üzrə vəziyyət olduqca pisləşib. O bildirib ki, epidemioloji vəziyyət daha çox şəhər sakinlərinin özünüidarə qabiliyyətindən asılıdır.
Jandarbek Bekşin vurğulayıb ki, bu gün Almatıda COVID-19-a 3 mindən yuxarı yoluxma halı qeydə alınıb. İnfeksiyanın bundan sonrakı yayılmasının qarşısını almaqdan ötrü qüvvədə olan məhdudlaşdırıcı tədbirlərlə yanaşı əlavə tədbirlər də görülüb. Baş dövlət sanitar həkimi deyib: “Sirr deyil ki, koronavirusa əsas yoluxma yerləri insanların kütləvi şəkildə toplaşdıqları yerlər və ictimai nəqliyyatdır. Burada insanlar yaxın təmasda olduğuna görə yoluxma baş verir. Bu, qaçılmazdır. Məhz buna görə bu həftəsonu ictimai yerlərə gediş-gəlişin məhdudlaşdırılması və həmin yerlərin kütləvi şəkildə dezinfeksiya edilməsi barədə qərar verilib. Xatırlatmaq istəyirəm ki, dezinfeksiya koronavirus profilaktikasının əsasını təşkil edir. Bu anlayışlara, həmçinin şəxsi gigiyenaya riayət, əllərin tez-tez yuyulması, dezinfeksiyaedici vasitələr istifadə olunmaqla evin təmizlənməsi və məkanın havalandırılması daxildir”.
Bekşin bundan əvvəl Almatı vətəndaşlarını testləşdirilmə üzrə cari vəziyyətlə tanış etmişdi. Onun sözlərinə görə, şəhərdə 6 laboratoriya fəaliyyət göstərir ki, onların da gücü sutka ərzində 4 min tədqiqat aparmağa çatır.
“Əgər əvvəllər ödənişli laboratoriya xidmətlərinə tələbat yox idisə, demək olar ki, son həftədə tələbat xeyli artıb. Bəzi vətəndaşlar ayda 3-4 dəfə test yoxlamasından keçirlər. Buna obyektiv səbəblər var”, - deyə Bekşin əlavə edib.