AMEA-da seysmologiya konfransı və qədim cihazların sərgisi təşkil edilib
Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək” mövzusunda respublika elmi konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransın açılışında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli çıxış ediblər.
Qurban Yetirmişli “Azərbaycanda seysmologiya elminin inkişafı” mövzusunda məruzəsində ölkədə seysmologiya elminin inkişaf mərhələlərindən bəhs edib.
Konfrans çərçivəsində Azərbaycanda seysmik müşahidələr zamanı müxtəlif dövrlərdə istifadə olunmuş cihaz və avadanlıqların sərgisi də təşkil edilib.
Elmi tədbirdə seysmik tomoqrafiya üsulu əsasında Cənub-Şərqi Qafqazın yer qabığının dərinlik quruluşunun modelləşdirilməsi, seysmik təhlükənin qiymətləndirilməsi, süni intellekt vasitəsilə zəlzələlərin geofiziki sahələrdə təzahürlərinin tədqiqi, palçıq vulkanlarının aktivliyi ilə seysmiklik arasındakı əlaqə, eləcə də Azərbaycan ərazisində zəlzələ ocaqlarının dinamikası və yer qabığının gərginlik vəziyyəti kimi mövzular üzrə məruzələr təqdim olunur.
Konfransda, həmçinin mühəndisi-seysmik kəşfiyyat üsullarının şəhərsalma və arxeoloji tədqiqatlarda tətbiqi, qravimaqnit tədqiqatları, GNSS məlumatları əsasında ərazinin gərginlik-deformasiya vəziyyətinin öyrənilməsi və zəlzələ xəbərverici elementlərin müəyyənləşdirilməsi məsələləri müzakirə edilir.
Tədbir çərçivəsində stend məruzələri də təqdim olunur. Son beş ildə dünyada baş vermiş güclü zəlzələlərin əsas tektonik və seysmo geodinamik amilləri, Xəzər dənizinin dərin geoloji quruluşu və geodinamikası, eləcə də Taxtakörpü su anbarında suyun səviyyəsinin dəyişməsinin seysmikliklə əlaqəsi ilə bağlı araşdırmalar təqdim olunur.
Konfransın keçirilməsində məqsəd Azərbaycanda seysmologiya elminin inkişaf mərhələlərini diqqətə çatdırmaq, bu sahədə aparılan fundamental və tətbiqi tədqiqatların nəticələrini təqdim etmək, elmi müzakirələr və təcrübə mübadiləsi üçün imkan yaratmaqdır.
Qeyd edək ki, konfrans AMEA-nın Rəyasət Heyəti və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
Müxbir -Tünzalə Arazlı