AMEA Moskva azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti ilə əlaqələr qurur



Bakı, 23 aprel, AZƏRTAC
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rusiyada fəaliyyət göstərən Moskva azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənovla görüşüb.
Bu barədə AZƏRTAC-a akademiyadan məlumat verilib.
Görüş zamanı akademik İsa Həbibbəyli AMEA ilə Rusiya Elmlər Akademiyası arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən aparılan elmi-tədqiqat işləri haqqında danışıb. O, AMEA-da Rusiya Elmlər Akademiyasının Ural və Sibir Regional bölmələrinin nəzdində fəaliyyət göstərən Udmurtiya və Yakutiyanın elmi müəssisələri ilə epos yaradıcılığı ilə bağlı birgə tədqiqat işlərinin aparıldığını, müştərək elmi konfransların keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli AMEA tərəfindən nəşr edilmiş kitab və monoqrafiyalarla Moskva azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinə lazımi dəstək göstəriləcəyini bildirib.
Bəxtiyar Həsənov rəhbərlik etdiyi qurumun tarixi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. AMEA ilə kitab mübadiləsinin, birgə elmi layihələrin aparılmasında maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüş zamanı AMEA ilə Moskva azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti arasında əlaqələrin yaradılmasının əhəmiyyətinə toxunulub, əməkdaşlıq perspektivləri müzakirə olunaraq müvafiq razılıq əldə edilib.