AMEA-nın Geologiya İnstitutunda seysmologiyanın aktual problemlərinə həsr olunmuş seminar keçirilmişdir
Bakı, 28 sentyabr (AZƏRTAC). Sentyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunda seysmologiyanın aktual problemlərinə həsr olunmuş seminar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik Akif Əlizadə zəlzələlərin proqnozlaşdırılmasında sensasiyalara deyil, elmi dəlillərə əsaslanmağın vacibliyini bildirmişdir.
Seminarda AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş geofiziki Tahir Məmmədlinin “Seysmik rayonlaşdırmaya yeni yanaşma və Azərbaycan ərazisinin seysmik təhlükə səviyyəsinin yenidən qiymətləndirilməsi” mövzusunda məruzəsi dinlənilmişdir.
Bildirilmişdir ki, əhalinin sürətli artımı, daha geniş ərazilərin urbanizasiyası, getdikcə artan iri sənaye və mülki obyektlərin inşası dəqiq seysmik rayonlaşdırmanın zəruriliyini önə çəkir. Hələ ötən əsrin birinci yarısında seysmoloqlar bu məsələnin həllinə cəhd göstərmişlər. Lakin “seysmostatistik” adlanan metodik yanaşma özünü doğrultmadı. Sonrakı dövrlərdə zəlzələlərin dərinlik qırılmaları zonalarında baş verməsinə və seysmik təhlükələrin bu qırılmalar ilə əlaqələndirilməsinə əsaslanan “genetik” metoddan istifadə olunmağa başlandı. Tədqiqatlar bu metodun da çatışmazlıqlarını üzə çıxartdı. Hazırda seysmik rayonlaşdırmada istifadə edilən “determininst-ehtimal” metodunda zəlzələ ocaqlarının dərinlik qırılmaları ilə əlaqədar olduğu əsas götürülür ki, bu da genetik metoddan bir o qədər fərqlənmir. Odur ki, yeni metoda ehtiyac duyulur.
T.Məmmədli seysmik rayonlaşdırma məqsədi ilə hazırladığı yeni metod barədə məlumat vermişdir. Qeyd etmişdir ki, bu metoda əsasən bütün tədqiq olunan ərazi bərabər elementar sahələrə bölünür, sonra isə zəif və orta güclü zəlzələlərin episentrlər xəritəsi qurulur. Hər bir sahə üçün zəlzələ episentrlərinin konsentrasiya zonasını əks etdirən xətlər qurulur. Alınan xətlər seysmiktörədən zonaları əks etdirir.
T.Məmmədli, həmçinin yeni metod əsasında tərtib etdiyi Azərbaycan ərazisinin seysmik xəritə-sxemini seminar iştirakçılarına təqdim etmişdir.
Seminar seysmoloqların mövzu ilə əlaqədar müzakirələri ilə başa çatmışdır.