AMEA-nın Geologiya İnstitutunda Yer elmləri sahəsində respublika elmi seminarı keçirilmişdir
Bakı, 20 noyabr (AZƏRTAC). Noyabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunda Yer elmləri sahəsində respublika elmi seminarı keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə institutun direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov dinləniləcək məruzə haqqında məlumat vermişdir.
ARDNŞ-in Geofizika və Geologiya İdarəsinin əməkdaşları Akif Əhmədov və Zoya Abdulxakova həmmüəllifi olduqları “Xəzər dənizinin Azərbaycan sektorunda kəsilişin üst hissəsinin qazlılığı (qazhidratlar) və dənizdibi qaz çıxışlarının öyrənilməsi” mövzusunda məruzə ilə çıxış etmişlər.
XX əsrin 70-ci illərinin sonundan qazhidrat yataqlarının axtarışı məqsədi ilə okean dibində tədqiqatlar aparılmasına başlanıldığını bildirən alimlər bu tədqiqatların nəticəsi olaraq materikdaxili dənizlərdə, okean və dərin göllərin dib çöküntülərində çoxsaylı qazhidrat yataqları aşkarlandığını diqqətə çatdırmışlar.
Z.Abdulxakova bildirmişdir ki, Azərbaycanda kəsilişin üst hissəsində (KÜH) qaz yığımları və qazhidratların öyrənilməsinə 1980-ci illərdən başlanılmışdır. Azərbaycan alimləri tərəfindən Cənubi Xəzərin dərin hissəsinin tədqiqatı nəticəsində palçıq vulkanizmi ilə bağlı qazhidratlı zona aşkar olunmuş, 70 sayda proqnozlaşdırılmış qazhidrat yığımları müəyyənləşdirilmişdir.
Tədqiqat işində Xəzər dənizinin Azərbaycan sektorunda (Abşeron və Bakı arxipelağının şimal hissəsi) uzun illər ərzində toplanmış geoloji-geofiziki tədqiqat məlumatlarının ümumiləşdirildiyini bildirən Z.Abdulxakova KÜH-də qeyd edilən yüksək miqdarda qaz yığımlarının geoloji-geofiziki əlamətlərinə görə qazhidratın mövcudluğunu ehtiva etdiyini vurğulamışdır.
Sonra Z.Abdulxakova tədqiqat işinin nəticələri haqqında məlumat vermişdir. O demişdir ki, tədqiqat nəticəsində ümumi geoloji analizə və digər geoloji geofiziki əlamətlərə görə qazhidratların mövcudluğu baxımından perspektivli zonalar ayrılmışdır.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, akademik Arif İsmayılzadə və başqaları məruzəni yüksək qiymətləndirmişlər.
Sonda ARDNŞ-in Geofizika və Geologiya İdarəsinin geofizika və geologiya üzrə rəis müavini Yusif Şıxəliyev AMEA ilə birgə tədqiqatlar aparmağın vacibliyindən danışmışdır. Bildirmişdir ki, akademiya alimlərinin təcrübəsindən istifadə etməklə tədqiqat işlərinin aparılması böyük səmərə verəcəkdir.