AMERİKA TƏHLİLÇİSİ: QAZAXISTAN NEFTİNİN BTC İLƏ NƏQLİNİN ƏN SƏMƏRƏLİ YOLU SUALTI NEFT KƏMƏRİDİR
Vladimir Sokor hesab edir ki, ilkin mərhələdə neftin tankerlərlə daşınmasında lider Azərbaycanın Xəzər Dəniz Gəmiçiliyi olacaqdır. Qazaxıstan da hərəsi 60-65 min ton neft daşıyacaq beş tankerdən ibarət donanmanın yaradılmasını təklif edir.
Hesablamalara görə, Qazaxıstan neftini BTC-yə gətirəcək sualtı kəmər o halda iqtisadi cəhətdən səmərəli olar ki, kəmər ildə 20 milyon ton neft nəql etsin. Lakin, neftin qiymətlərinin artan sürəti göstərir ki, bu rəqəm aşağı da ola bilər.
Təhlilçi xatırladır ki, “Kaşaqan” yatağında hasilat 2009-cu ildə 7 milyon ton səviyyəsində başlanacaq, 2011-ci ildə bu rəqəm 13 milyon, 2015-ci ildə isə 50 milyon tona çatacaqdır. Belə olan halda, tanker daşınmaları 2012-13-cü ildən sonra səmərəliliyini itirəcəkdir. Vladimir Sokor təklif edir ki, nəqliyyat sisteminin ilkin mərhələsində tanker daşınmaları etibarlı olsa da, Azərbaycan, Qazaxıstan və onların tərəfdaşları artıq indidən sualtı kəmərə dair siyasi və strateji seçimlərini etməli və müvafiq planlaşdırma prosesinə başlamalıdırlar.