Amerikalı professor Mingəçevir Dövlət Universitetində növbəti seminar keçirib
Bakı, 4 mart, AZƏRTAC
ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “English Language Fellow” təqaüd proqramı çərçivəsində cari tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən ingilis dili mütəxəssisi Richard Schlight Mingəçevir Dövlət Universitetində növbəti seminarını həyata keçirib.
AZƏRTAC xəbər verir ki, professor Richard Schlight universitetin əməkdaşlarına, magistrant və bakalavrlara “Elmi-tədqiqat işləri üçün effektiv rəylərin hazırlanması və yazılması”, “Auditoriyada tənqidi düşüncə, onların öyrədilməsi yolları”, “Elektron məktublardan istifadə edərək ünsiyyət qurmağı öyrətmək” mövzularında seminar keçib.
ABŞ mütəxəssisi təlimdə seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. Maraqlı diskussiyalarla müşahidə olunan seminar pedaqoji heyətin və tələbələrin yüksək marağına səbəb olub.
Xəbər verdiyimiz kimi amerikalı ingilis dili mütəxəssisinin yanvar ayında MDU-da keçirdiyi ilk seminardan sonra növbəti seminarların keçməsinə dair əvvəlcədən razılıq əldə edilib.