“Ana harayı” abidəsi ziyarət edilib
Bakı, 25 fevral, AZƏRTAC
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin (İB) təşkilatçılığı ilə Kəlbəcər rayon 56 nömrəli orta məktəbdə Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş “Xocalı faciəsini dünyaya tanıdaq!” adlı tədbir keçirilib.
İB-nin mətbuat xidmətində AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə “Ana harayı” abidəsini ziyarət ediblər.
Sonra İctimai Birlikdə davam etdirilən anma tədbirində İB-nin sədr müavini Həbib Misirov faciənin səbəblərindən, erməni vandallarının dinc insanlara qarşı törətdikləri dəhşətli soyqırımı faktından geniş söz açıb.
Bildirilib ki, əsas məqsəd Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır.
Vurğulanıb ki, dövlətimiz tərəfindən faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində uğurlu siyasət həyata keçirilir. Bu işdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri danılmazdır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hər il ölkəmizdə və xaricdə silsilə tədbirlər reallaşdırılır.
Xocalı şəhərində törədilmiş vəhşilikləri insanlığa sığmayan cinayət kimi dəyərləndirən məktəbin direktoru Aidə Əhmədova, bu soyqırımına siyasi-hüquqi qiymət verməsinin və günahkarların cəzalandırılmasının vacibliyini bildirib.
Sonda məktəblilərin ifasında Xocalı faciəsinə həsr edilən kompozisiya nümayiş etdirilib və şeirlər səsləndirilib.