SİYASƏT
“ANA VƏTƏN” AVROPA AZƏRBAYCANLI QADINLAR BİRLİYİNİN YARADILMASININ 5 İLİ TAMAM OLUR
Bakı, 16 noyabr (AZƏRTAC). Niderland Krallığında fəaliyyət göstərən “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin yaradılmasının 5 ili tamam olur.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, bu münasibətlə Niderlandın Rijsviyk şəhərindəki “De Koepel” mərkəzində konfrans keçirilmişdir. Birliyin sədri Gülşən Kazımova təşkilatın 5 illik fəaliyyəti haqqında çıxışında bildirmişdir ki, “Ana Vətən”də jurnalistlər, alimlər, həkimlər, rəssamlar, yazıçılar, musiqişünaslar, müəllimlər və digər ziyalılar birləşmişlər. Azərbaycan xanımları fəaliyyət göstərdikləri təhsil ocaqlarında ən yüksək səviyyədə tarixi vətənlərini təmsil edirlər. Bu gün Avropanı cənginə almış ciddi iqtisadi böhran şəraitində Azərbaycan qadınları yeni iş yerləri açaraq işsizlik problemlərini həll etməyə çalışırlar.
“Ana Vətən” holland torpağında sivil dialoqun kiçik modelidir,-deyən G.Kazımova vurğulamışdır ki, birlik üzvləri Avropa vətəndaşı olmaqla yanaşı, Şərq mədəniyyətini, milli adət-ənənələrimizi qoruyaraq öz övladlarına, yeni nəslə ötürür, onlarda dilimizə, milli mənəvi dəyərlərimizə, mədəniyyətimizə sevgi və hörmət aşılayırlar.
Konfransda Azərbaycanın Niderland Krallığındakı səfirliyinin əməkdaşları təşkilatı yubiley münasibətilə təbrik etmiş, azərbaycanlı xanımların fəaliyyətini yüksək qiymətləndirmişlər.
Sonra “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin fəaliyyəti ilə bağlı sənədli film nümayiş etdirilmiş, qonaqlara hədiyyələr və mükafatlar paylanmışdır.