Anaklaudia Rossbax: 2026-2029-cu illər üzrə strateji plan haqqında düşünürük VİDEO
Bakı, 21 may, AZƏRTAC
Qlobal məskunlaşma böhranının fəsadları ölkələr arasında fərqlidir. Bəzi coğrafiyalar, bəzi icmalar daha ciddi problemlə üzləşirlər. Müəyyən regionlar və icmalar daha kəskin problemlərlə üzləşdiyi halda, onların mövcud potensialları da kəskin fərqlənir. Bu baxımdan, WUF13-ün imkanlarından, xüsusilə WUF Akademiyasından səmərəli istifadə edərək, vahid bir platforma yaratmalıyıq. Bu birlik müştərək tədqiqat gündəliyi ətrafında formalaşmalı və ümumi potensialın artırılmasına xidmət etməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Akademiya və tədqiqat“ üzrə dəyirmi masada çıxışı zamanı BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.
"Biz, eyni zamanda 2026-2029-cu illər üzrə strateji plan haqqında düşünürük. Burada torpaq, qeyri-formal məskunlaşma məsələləri, resursların paylaşılması, urban planlaşdırma, çoxtərəfli əməkdaşlıq, məlumatlara çıxış əks olunacaq. Bunlar hamısı çox vacib məsələdir. Ümidvaram ki, bu dəyirmi masa müxtəlif məsələlərə dair ortaq məxrəcə gəlməyə kömək edəcək", - deyə o əlavə edib.