ANAMA: Tovuzda Ermənistan silahlı qüvvələrinin atdığı minaatan mərmisinin hissələri aşkarlanıb
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 25-də Tovuz rayonunun Ağdam kəndinə dörd ədəd mərminin düşməsi barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən iki və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən bir siqnal (əməliyyat çağırışı) daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və polis şöbəsinin əməkdaşları ərazidə iki ev və həyətyanı sahədə dörd atəş nöqtəsinə baxış keçiriblər.
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış və partlamış minaatan mərmisinin hissələri aşkarlanıb. Onlar götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərminin hissələrinin tapıldığı yerin ətrafında 234 kvadratmetr əraziyə baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.