Anar Bağırov: Vəkillər Kollegiyası müasir çağırışlara tam hazırdır
Bakı, 3 aprel, AZƏRTAC
Vəkillər Kollegiyası müasir çağırışlara tam hazırdır və ən önəmli məsələlərdən biri odur ki, bu təşəbbüs bütün vəkillər tərəfindən dəstəklənir.
AZƏRTAC xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri (VK) Anar Bağırov “Elektron vəkil orderi” və digər elektron xidmətlərin ictimaiyyətə təqdimatı zamanı söyləyib.
A.Bağırov bildirib ki, Vəkillər Kollegiyasında hər yaş kateqoriyasında olan həmkarlar var: “Bizim borcumuz odur ki, vəkillərimiz bütün bu imkanlardan istifadə etsin. Bunun üçün var gücümüzlə çalışacağıq. Hazırda bizim üçün gündəmdə olan məsələ elektron vəkil orderinin tətbiqi və elektron qaydada hüquqi yardım göstərilməsi haqqında məsələdir. Bu, çox önəmlidir. Vətəndaşa rahat şərait yaradılır ki, dünyanın istənilən nöqtəsindən vəkillə müqavilə bağlaya bilsin. Müasir texnologiya buna imkan verir və Azərbaycan vəkili də bundan bəhrələnməlidir”