SİYASƏT
Anatoliy Lis: COP29-un Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin xidmətlərinin nəticəsidir
Tbilisi, 1 noyabr, AZƏRTAC
COP29-un Azərbaycanda keçirilməsi çox ciddi təşəbbüsdür və Prezident İlham Əliyevin xidmətlərinin nəticəsidir. Çünki bu gün dünyanı düşündürən ən vacib məsələlərdən biri iqlim dəyişikliyi məsələsidir. Ola bilər, bir çox insan hələ də bu problemin ciddiliyini başa düşmür. Lakin diqqət etmək lazımdır ki, indiki zamanda tufanlar, zəlzələlər yüz minlərlə insanın həyatına son qoyur. Bu da birbaşa iqlimlə, qlobal istiləşmə ilə bağlı olan məsələlərdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Belarusun Gürcüstandakı səfiri Anatoliy Lis söyləyib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi, istiləşmə olduqca vacib məsələdir və bu məsələyə nəzarət etmək lazımdır. Biz bu məsələyə nə qədər ciddi yanaşsaq, problemi tez həll edə bilərik. Havaya daha çox karbon qazı buraxan ölkələr bu məsələdə digər ölkələrdən fəal olmalıdırlar.
Səfir deyib ki, Belarusda təbiəti qorumaq üçün çox böyük işlər görülür: “Bizdə atom elektrik stansiyası var. Biz də əvvəl müəyyən maddələrdən istifadə edirdik. Amma bizdə qoruqlar da var, təbiəti qoruyub saxlaya bilmişik. Avropada isə bu cür yerlər çox az qalıb. Ərazilərimizin 40 faizi meşələrlə örtülüb. Bu təcrübəni də digər ölkələrlə bölüşə bilərik”.
“İndi alternativ enerji dövrüdür. Günəşdən, küləkdən, sudan enerji istehsalı zamanıdır. Düşünürəm ki, Azərbaycanın bu istiqamətdə təşəbbüsü təqdirəlayiqdir və alqışlanmalıdır”, – deyə Anatoliy Lis vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi