ANKARADA GENERAL VƏ ADMİRALLARIN İŞTİRAKI İLƏ VII İPƏK YOLU SEMİNARI KEÇİRİLMİŞDİR
Tədbirdə çıxış edən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hilmi Özkök demişdir ki, son iyirmi ildə NATO-nun prioritetləri dəyişmiş, dünyanını yeni təhlükələrlə üzləşdiyi vaxtda bu təşkilat daha çevik hərbi-siyasi quruma çevrilmişdir.
Şimali Atlantika Alyansının Avropa, Qafqaz, Mərkəzi Asiya, Balkan və Yaxın Şərqdə yeni dövlətlərlə tərəfdaşlığını yüksək qiymətləndirən Hilmi Özkök, bu genişlənmənin ölkələr arasında mədəni əlaqələrə də sirayət etdiyini vurğulayaraq demişdir: “Güman etdiyimiz kimi, Sülh Naminə Tərəfdaşlıq, Aralıq dənizi dialoqu və İstanbul Əməkdaşlıq Təşəbbüsü proqramları çərçivəsində əldə olunmuş nailiyyətlər bizi daha da yaxınlaşdırmışdır. Tərəfdaşlıq konsepsiyası üç əsas amilə söykənir. Birincisi, tərəfdaşlıq edən ölkələrin bir-biri ilə münaqişəyə girmə ehtimalı azalır, ikincisi, təkcə hərbi deyil, siyasi sahədə də islahatlar aparılır, üçüncüsü isə təhsil və təlim sahəsində tərəfdaş ölkələrin əlaqələri getdikcə güclənir”.
Türkiyənin xarici siyasətinin böyük Atatürkün “Yurdda sülh, cahanda sülh” kəlamlarına uyğun olduğunu bildirən Hilmi Özkök, dünyada sülhün və sabitliyin təmin olunması üçün bütün ölkələrin səylərinin birləşdirilməsinin zəruriliyini vurğulamışdır.