İQTİSADİYYAT
Antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə yüksələn hərbçilərin kredit borcu silinib

Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycanda lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə yüksələn hərbçilərin kredit borcu silinib.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildirilib ki, bununla bağlı bəyanat Rəyasət Heyətinin geniş tərkibdə iclasında qəbul olunub.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmiz öz suverenliyini bərpa edib. Tariximizin bu şanlı günlərində Azərbaycan bank ictimaiyyəti hər zaman olduğu kimi, ordumuzun və dövlətimizin yanında olmaqdan qürur duyur. 27 Sentyabr - Anım Günündə Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin bu mövzuya həsr olunmuş geniş tərkibli iclası keçirilib, şəhidlərimizin ruhu dərin hörmətlə anılıb.
İclasda, lokal xarakterli antiterror tədbirləri çərçivəsində Qarabağda qanunsuz yerləşmiş terrorçuların zərərsizləşdirilməsi və Azərbaycanın suverenliyinin bərpası uğrunda şəhid olmuş və yaralanmış hərbçilərimizlə əlaqədar aşağıdakı qərarlar qəbul olunub: Şəhid olmuş hərbçilərimizin banklarda olan bütün növ kredit öhdəlikləri, onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin; yaralanmış hərbçilərimizin banklara olan kredit öhdəliklərinə 19 sentyabr 2023-cü il tarixindən 31 dekabr 2023-cü il tarixinə olan dövr ərzində hesablanan faizlər və digər ödəmələr bankların hesabına silinsin.
Azərbaycan bank icması hər zaman Azərbaycan Respublikasının Prezidentinin tapşırıqlarını rəhbər tutaraq şəhid ailələri və qazilərimizə, eləcə də Vətənimizin düşməndən azad edilməsində iştirak edən hərbçilərimizə münasibətdə həssaslıq nümayiş etdirməyə davam edəcəklər.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 24 bank və 6 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.