Aprel döyüşlərinin ildönümünə həsr olunmuş “Qələbəyə gedən yol” mövzusunda hərbi-vətənpərvərlik tədbiri keçirilib
Bakı, 29 mart, AZƏRTAC
Martın 29-da Nizami Kino Mərkəzində Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə 2016-cı il aprel döyüşlərinin növbəti ildönümünə həsr olunmuş “Qələbəyə gedən yol” mövzusunda hərbi-vətənpərvərlik tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında dövlət himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra tədbirə Azərbaycan Respublikasının dövlət bayrağı gətirildi.
Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev bildirdi ki, Aprel döyüşləri zamanı Azərbaycan Ordusu düşmənə layiqli dərs verdi və Ermənistanın öz ordusu haqqında yaratdığı mifi darmadağın etdi. Əgər Ermənistan silahlı qüvvələri Aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, bu əməliyyatlar təkrarlana bilər. Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün güclü ordusu var və bu ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun cəsarəti, qəhrəmanlığı haqqında danışdı. O dedi ki, 2016-cı ilin Aprel döyüşləri zamanı Milli Ordumuzun hərbçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yollarını göstərdilər. Bu döyüşlərdə qazanılmış qələbədə gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi, yüksək əhval-ruhiyyə sərgiləməsi dövlətimizin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir. Azərbaycan əsgərlərinin uğurlu əməliyyatı orduda həyata keçirilən islahatlar nəticəsində mümkün olub.
Tədbirin bədii hissəsində Nəsimi Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin birgə təşəbbüsü ilə ərsəyə gəlmiş “Azərbaycan əsgəri” mahnısının təqdimatı keçirildi. Mahnının sözləri Zahid Xəlilova, musiqisi Elvin Orucova məxsusdur.