CƏMİYYƏT
AQTİ-nin Gəncə Regional Sınaq Laboratoriyası fəaliyyətə başlayıb
![](/files/galleryphoto/2023/3/1200x630/1701774299116588509_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1701774299866343165_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17017742996527450214_1200x630.jpg)
Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Gəncə Regional Sınaq Laboratoriyası (GRSL) fəaliyyətə başlayıb. Gəncə şəhərində yerləşən GRSL bölgədə qida təhlükəsizliyi istiqamətində laboratoriyanın fəaliyyətinə zərurətin yaranması, müvafiq müayinələrin aparılmasına tələbatın olması, eləcə də bölgənin qida sənayesi, kənd təsərrüfatı və iqtisadi potensialı nəzərə alınaraq yaradılıb.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, laboratoriya ISO 17025-2017 beynəlxalq standartının tələbinə uyğun fəaliyyət göstərir. Müasir tələblərə cavab verən maddi-texniki bazaya və yüksək ixtisaslı işçi heyətə malik GRSL-də ölkədə istehsal edilən, eləcə də idxal və ixrac olunan qida məhsullarında təhlükəsizlik və keyfiyyət göstəricilərinin müayinələri həyata keçirilir. Müayinələr respublikamızda qüvvədə olan normativ-texniki sənədlərlə yanaşı, beynəlxalq standartlarda əksini tapan keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun aparılır. Müayinələr İSO, NMKL, AOAC beynəlxalq metodlardan istifadə olunmaqla həyata keçirilir. Eyni zamanda keyfiyyətə nəzarət məqsədilə standart referens materiallardan istifadə olunaraq müayinə nəticələrinin doğruluğu və dəqiqliyi yoxlanılır.
Qeyd edək ki, bu vaxtadək respublikamızın qərb bölgəsində bitki və heyvan sağlamlığı istiqamətləri üzrə yaradılmış Göygöl və Tovuz Regional Sınaq laboratoriyaları fəaliyyət göstərirdi. GRSL-in yaradılması ilə bu regionda həm də ölkədən ixrac olunan və respublikaya gətirilən qida məhsullarının nümunələrinin analizlərinin aparılması və nəticələrin təqdim edilməsi prosesi təşkil olunub.
Onu da bildirək ki, hazırda AQTİ-nin Bakıda və regionlarda ümumilikdə 17 laboratoriyası var. Laboratoriyalar qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı, eləcə də kompleks tədqiqatlar istiqamətlərində fəaliyyət göstərir.