Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb
Bakı, 4 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-150, Kiçik Qafqazın çaylarında 120-160, Lənkəran-Astara bölgəsi çaylarında 100-170, Naxçıvan Muxtar Respublikası çaylarında isə 150 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, dekabrın 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 171 kubmetr olmaqla ongünlük normanın 109 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 203 kubmetr təşkil etməklə ongünlük normanın 129 faizini bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 30 kubmetr olmaqla ongünlük normanın 39 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 75 kubmetr təşkil edərək ongünlük normanın 98 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Salyanda və Bankədə 2 santimetr azalma, Şirvanda 4, Araz çayının Novruzlu məntəqəsində 5 santimetr artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 362 (2016-cı il dekabrın 4-də 461 sm), Şirvanda 229, Salyanda 177 (2016-cı il dekabrın 4-də 328 sm), Bankədə 191 (2016-cı il dekabrın 4-də 239 sm), Araz çayının Novruzlu məntəqəsində isə 88 santimetr (2016-cı il dekabrın 4-də 170 sm) təşkil edir.