ARDNŞ EKOLOGİYA İDARƏSİNİN KOMPLEKS TƏDQİQATLAR LABORATORİYASININ ƏMƏKDAŞLIQ DAİRƏSİ GENİŞLƏNİR
Bakı, 22 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Ekologiya İdarəsinin ekoloji monitorinq departamentinin tərkibində fəaliyyət göstərən kompleks tədqiqatlar laboratoriyası respublikada fəaliyyət göstərən xarici şirkət və müəssisələrlə əməkdaşlığı davam etdirir. Bu günlərdə “Qrunt Geo Ltd” şirkəti və ARDNŞ-in Ekologiya İdarəsi arasında “Kompleks laboratoriya xidmətlərinin göstərilməsi və təhlillərin aparılması barədə” müqavilə imzalanmışdır.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 2012-ci ilədək qüvvədə olacaq müqaviləyə görə, kompleks tədqiqatlar laboratoriyası “Qrunt Geo Ltd” şirkətinin sifarişi əsasında içməli suyun tam tərkibini müəyyən etmək, insan orqanizminə təsirini müəyyənləşdirmək məqsədi ilə orqanoleptik parametrlər, sensor və fiziki-kimyəvi parametrlər, anionlar, kationlar, radionuklidlər, ağır metallar, mikrobioloji parametrlər və təhlükəli kimyəvi maddələr üzrə təhlillər aparacaqdır. Tədqiqat işlərinin nəticələrinə əsasən, içməli suyun kəmiyyət və keyfiyyət göstəriciləri müəyyən edilərək, istifadə olunacaq suyun insan sağlamlığına təsiri öyrəniləcəkdir.
Kompleks tədqiqatlar laboratoriyası beynəlxalq standartların tələblərinə cavab verən, aparıcı şirkətlərin cihaz və avadanlığı ilə təchiz olunmuş bir qurumdur. Laboratoriya müasir üsullarla bir çox mürəkkəb fiziki-kimyəvi təhlillər aparmaq imkanına malikdir.