ARDNŞ İDMANÇILARIMIZIN QƏLƏBƏLƏRİNƏ HƏR ZAMAN DƏSTƏK VERƏCƏKDİR
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 1-də ARDNŞ prezidenti Rövnəq Abdullayev “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin Pekin-2008 Yay Olimpiya Oyunlarına lisenziya qazanmış idmançıları ilə görüşmüşdür.
ARDNŞ prezidenti əldə etdikləri uğurlara görə onları təbrik etmiş, ən xoş arzularını çatdırmışdır. “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin sentyabrda Bakıda keçirilmiş yunan-Roma güləşi üzrə dünya çempionatında Pekin-2008 Yay Olimpiya Oyunlarına lisenziya qazanmış 66 kiloqram çəki dərəcəsində dünya birincisi Fərid Mansurovun nailiyyətini vurğulayan R.Abdullayev qeyd etmişdir ki, o, həm Olimpiya (Afina-2004) çempionu, həm də dünya çempionu titullarına layiq görülmüş yeganə Azərbaycan güləşçisidir. Cüdo üzrə sentyabrın 13-16-da Braziliyada keçirilmiş dünya çempionatının gümüş mükafatçısı (73 kq çəki dərəcəsində), 2006-cı ilin Avropa çempionu Elnur Məmmədli bu vaxta qədər həmin növdə dünya çempionatının finalına yüksəlmiş ikinci idmançı kimi adını tarixə yazmışdır.
ARDNŞ prezidenti Bolqarıstan paytaxtında keçirilmiş yunan-Roma güləşi üzrə Avropa çempionu, Bakıda yenicə başa çatmış dünya çempionatında 55 kq çəki dərəcəsində erməni güləşçisi üzərində inamlı qələbə qazanmış Rövşən Bayramovun nailiyyətini də yüksək qiymətləndirmişdir. Bundan əlavə, R.Abdullayev iyulun 11-15-də Çexiyada təşkil olunmuş atletika üzrə yeniyetmələr arasında dünya birinciliyində 200 metr məsafəyə qaçış üzrə 2-ci yerə sahib çıxmış Avropa kubokunun sahibi Ramil Quliyevi də təbrik etmiş, bütün idmançılarımıza Pekin-2008 Yay Olimpiya Oyunlarında uğurlar arzulamışdır. R.Abdullayev idmanın inkişaf etdirilməsi üçün ARDNŞ-in imkanlarından bundan sonra da lazımı səviyyədə istifadə olunacağını bildirmişdir.
Sonra görüşdə iştirak edən idmançılara və onların məşqçilərinə ARDNŞ-in qiymətli hədiyyələri təqdim olunmuşdur.
İdmançılar, onların məşqçiləri, Milli Məclisin deputatı Rauf Əliyev göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmişlər.