ARDNŞ-in Ekoloji Ölçmə Mərkəzinin akkreditasiyası uzadılmışdır
Bakı, 6 sentyabr (AZƏRTAC). ARDNŞ-in idarə və müəssisələrinin balansında olan nəqliyyat vasitələrindən atmosferə atılan işlənmiş qazların daim nəzarətdə saxlanmasını təmin etmək məqsədi ilə şirkətin Ekologiya İdarəsinin tərkibində fəaliyyət göstərən Ekoloji Ölçmə Mərkəzinə verilmiş AZS milli akkreditasiya sənədinin müddəti 2012-ci il sentyabrın 1-dək uzadılmışdır.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ekoloji Ölçmə Mərkəzi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən anoloji laboratoriyalar arasında bu sənədə layiq görülmüş ilk qurumdur. Mərkəz hələ 2010-cu ildə AZS milli akkreditasiya sistemində texniki səlahiyyətliyə və müstəqilliyə akkreditasiya olunmuş və müvafiq attestat almışdır. Bu yaxınlarda Ekoloji Ölçmə Mərkəzinin akkreditasiya attestatının müddətinin başa çatması səbəbindən sözügedən sənədin müddətinin artırılması məqsədilə Ekologiya İdarəsi tərəfindən SMPDK-ya müraciət olunmuşdur. Komitənin mütəxəssisləri tərəfindən yoxlama keçirilmiş və müraciət müsbət cavablandırılmışdır. Akkreditasiya sənədinin müddətinin uzadılması, Ekoloji Ölçmə Mərkəzində bütün nəqliyyat vasitələrindən atmosferə atılan zərərli qazların ölçülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına təsir edəcək tədbirlərin yerinə yetirilməsi, yeni texnika və texnologiyaların sınaqlarının aparılması və s. işlərin davamlı olaraq həyata keçirilməsinə imkan verəcəkdir.