Arif Əsədov: “Qarabağ” bu mövsüm avrokuboklara daha yaxşı başladı
Bakı, 24 iyul, AZƏRTAC
"Qarabağ"ın səfərdən bu nəticə ilə qayıdacağı gözlənilirdi".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov "Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə Cəbəllütariqin "Linkoln" komandasına 2:0 hesabı ilə qalib gəldiyi oyun barədə danışarkən deyib.
O, Ağdam təmsilçisinin ilk hissədə müəyyən çətinliklər çəkdiyini bildirib: "Hava şəraiti, stadionunu süni ot örtüklü olması, eləcə də rəqibin doğma meydan amilinə görə müdafiədən oynaması "Qarabağ"a problemlər yaradırdı. Lakin ilk yarının sonunda bu cür rəqibə qol vurmaq komandamızın işini asanlaşdırdı. Düşünürəm ki, Ağdam klubu növbəti mərhələyə vəsiqəni 90 faiz təmin edib. Evdə daha rahat oynayaraq böyükhesablı qələbə qazana bilərik".
54 yaşlı mütəxəssis "Qarabağ"ın əvvəlki illərdən fərqli olaraq, bu mövsüm avrokuboklara daha yaxşı başladığını vurğulayıb: "Buna səbəb ötən mövsümkü heyətin qorunmasıdır. Hiss olunur ki, futbolçular yaxşı hazırlıq keçdikləri üçün meydanda rahat mübarizə aparırlar".
Azərbaycan millisinin sabiq futbolçusu “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki mümkün rəqibi barədə danışmağın tez olduğunu söyləyib: "Bizi Bakıda "Linkoln"la ikinci oyun gözləyir. “Qarabağ” 100 faiz növbəti mərhələyə vəsiqə qazanıb” fikri futbolçulara da mənfi təsir göstərə bilər. Cavab görüşündən sonra digər matçlar barədə danışmaq olar. Fikrimcə, “Qarabağ”ın potensial rəqiblərin qarşılaşmasında Bolqarıstan təmsilçisi "Ludaqorets" "Dinamo"dan üstün olacaq".
A.Əsədov "Qarabağ"ın yenidən Çempionlar Liqasının qrup mərhələsinə düşmək potensialında olduğunu söyləyib: "Artıq komanda beynəlxalq arenada böyük təcrübəyə malikdir. Oyundan-oyuna daha da inkişaf edir. Odur ki, “Qarabağ”ın bu mövsüm Çempionlar Liqasının qrup mərhələsinə düşmək şansı çoxdur".
Qeyd edək ki, “Qarabağ” və “Linkoln” komandaları arasında cavab oyunu iyulun 30-da Bakıda keçiriləcək.