Arut Sasunyan iş başında yaxalanmışdır
Berlin, 13 sentyabr (AZƏRTAC). Ermənistan dövlətinin saxtakarlıqlar istehsal edən fabriki növbəti yalan porsiyasını yaydığı anda, necə deyərlər, iş başında yaxalanmışdır. İnsanlığa nifrət xarakterli pamfletlər buraxmaq üzrə yorulmaz “staxanovçu” Arut Sasunyan sentyabrın 10-da Misir televiziya auditoriyasına təbliğat və “erməni soyqırımı” barədə əfsanənin bu ərəb dövlətinin televiziya efirində yayılması üzrə aparılmış işlər barədə hesabatı “Armenian Weekly” nəşrində dərc etmişdir (http://www.armenianweekly.com/2013/09/10/sassounian-millions-watch-popular-egyptian-talk-show-on-the-armenian-genocide/). Biz həmin məqalənin məzmununu şərh etməyə hazırlaşmırıq. Müəllif “youtube” portalından götürdüyü bir videoçarxı məqaləyə əlavə etmişdir. Söhbət Sasunyanın telefon respondenti kimi iştirak etdiyi tok-şoudan gedir. Tok-şounun mövzusu qondarma “erməni soyqırımı” idi. Lakin maraqlıdır, Arut Sasunyan proqramın aparıcısının sualına telefonla cavab verən anda (https://www.youtube.com/watch?feature=player_embedded&v=teAKr6Psyl0) Xocalı soyqırımının qurbanlarından iki nəfərinin fotoşəkli qəflətən ekranda görünür. Fotoşəklin altında isə “1915” yazılmışdır. Bu fotoşəkil videoçarxda cəmi üç saniyə müddətində nümayiş etdirilir: 15:03-dən 15:06-dək. Lakin ermənilərin dövlət səviyyəsində apardığı təbliğatın iyrənc metodlarını ifşa etmək üçün bu üç saniyə kifayətdir.
Əgər erməni hərbçilərinin Xocalıda törətdiyi soyqırımının qurbanlarının bu və başqa fotoşəkilləri yaxın vaxtlarda Ayk Demoyanın rəhbərlik etdiyi muzeydə asılsa, biz təəccüblənmərik.
Biz özü-özünü biabır etmiş erməni təbliğat-təşviqat maşınının bu əməlinin izlərini itirmək fikrinə düşə biləcəyini istisna etmirik və belə bir hal üçün həmin məqalənin skrinşotunu və Youtube portalındakı videoçarxı öz arxivimizdə saxlayırıq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin