SİYASƏT
Arxiv materiallarının bir çoxu Azərbaycan oxucusuna ilk dəfə bu kitab vasitəsilə çatdırılır
![Arxiv materiallarının bir çoxu Azərbaycan oxucusuna ilk dəfə bu kitab vasitəsilə çatdırılır](/files/2014/2/1200x630/14087125524732846209_1200x630.jpg)
Bakı, 8 avqust (AZƏRTAC). Avqustun 8-də Bakı Slavyan Universitetində (BSU) “Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri, yazıçı-publisist Hacı Nərimanoğlunun “Zəngəzur və Qarabağda ermənilərin törətdikləri qətliamlar Osmanlı-Türkiyə mənbələrində” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BSU-nun professoru Rafael Həsənov, dosenti Xatirə Hüseynova, AMEA-nın Tarix İnstitutunun dosenti Vaqif Abışov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti İnşallah Qafarov və başqaları kitab haqında müsbət fikirlər söyləmişlər.
Qeyd olunub ki, kitabda Azərbaycanın bir parçası olan Qarabağın, Zəngəzur mahalının keçmişi, ağrılı faciələri yada salınıb, bu hadisələrin Osmanlı-Türkiyə arxivlərində qorunub saxlanan yazılı izlərini günümüzədək yaşadan çox sayda sənəd təqdim edilib. Taleyin acı hökmü ilə bu torpaqlardan baş götürüb qardaş Anadolu torpaqlarına köç etməyə məcbur qalan insanlara ağır durumda olan Osmanlı dövlətinin qardaşlıq köməyi, ürəkləri riqqətə gətirən qayğısı xatırlanıb. XX əsrin əvvəllərində Qarabağ, Zəngəzur ellərində törədilən qətliamlara rəvac verən tarixi, hərbi-siyasi vəziyyət şərh edilib, Türkiyə-Azərbaycan qardaşlığının nə qədər etibarlı dayaqlara söykəndiyi çoxsaylı faktların dili ilə ortaya qoyulub. XX əsrin əvvəlində və sonunda Anadolu və Qafqazda baş verən olayların vahid güc mərkəzlərindən idarə edilən eyni bir planın tərkib hissəsi olduğu dəlillərlə, konkret sənədlərlə diqqətə çatdırılıb, paralellər aparılıb, oxucu mühakiməsinə, düşüncəsinə xeyli suallar da ünvanlanıb.
Vurğulanıb ki, arxiv materiallarının bir çoxu Azərbaycan oxucusuna ilk dəfə bu kitab vasitəsilə çatdırılır. Müəllif faktlar əsasında qeyd edib ki, ötən əsrin əvvəllərində ermənilərin Zəngəzur və Qarabağda törətdikləri qətliamlara dair Osmanlı-Türkiyə mənbələrində çoxlu sayda öyrənilməmiş materiallar vardır.
Qeyd edək ki, nəşrə “Ön söz”ün müəllifi Milli Məclisin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, kitabın elmi redaktoru AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov, məsləhətçi AMEA-nın müxbir üzvü Vəli Əliyevdir.
Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə nəşr edilib.
Kitabın elektron-PDF variantı www.zengezur.com saytının “Kitablar” bölümündə yerləşib.