Arzusundan vaz keçmədi: Misirli qadın 83 yaşında fəlsəfə doktoru oldu
Qahirə, 6 iyul, AZƏRTAC
83 yaşlı Amal İsmayıl Misirin Mansura Universitetinin İctimai elmlər fakültəsində doktorluq dissertasiyasını uğurla müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
AZƏRTAC xəbər verir ki, tədqiqatçının “Aktiv qocalıq və onun bəzi sosioloji dəyişənlərlə əlaqəsi: Mansura Universitetində seçilmiş hallar əsasında tədqiqat" mövzusunda hazırladığı dissertasiya yaşlı insanların sosial problemlərinin araşdırılmasına və bu sahədə cəmiyyət üçün faydalı nəticələrin əldə edilməsinə həsr olunub.
Amal İsmayılın təhsil yolu yeniyetmə yaşlarında yarımçıq qalıb. O, 14 yaşında qalxanabənzər vəz xəstəliyinə tutulduğu üçün məktəbi tərk etməyə məcbur olub. Erkən yaşda ailə quran Amal İsmayıl uzun illər övladlarının tərbiyəsi ilə məşğul olsa da, təhsilini davam etdirmək arzusundan vaz keçməyib.
O, 38 yaşında natamam orta təhsil haqqında şəhadətnamə alıb. Sonradan xərçəng xəstəliyinə tutulduğu üçün təhsilini yenidən yarımçıq qoyub. Lakin xəstəliyə qalib gələrək təhsilini yenidən davam etdirmək qərarına gəlib. 2011-ci ildə qızı və nəvələrinin dəstəyi ilə təhsilini bərpa edən Amal İsmayıl 70 yaşında orta məktəbi yüksək nəticə ilə başa vurub və Mansura Universitetinin İctimai elmlər fakültəsinin Sosiologiya ixtisasına qəbul olunub.
Tədqiqatçı 2023-cü ildə həmin universitetdə magistr dərəcəsini fərqlənmə ilə başa vurub. Magistratura təhsili dövründə çanaq sümüyü sınmasına baxmayaraq, əlil arabası ilə dərslərdə iştirak edərək təhsilini davam etdirib. Daha sonra doktorantura təhsilinə başlayıb və doktorluq dissertasiyasını uğurla müdafiə edib.
Amal İsmayıl bildirib ki, elmə olan sevgisi ona bütün çətinlikləri dəf etməyə kömək edib. Onun sözlərinə görə, elm yaşla ölçülmür və doktorluq dərəcəsi qazanması çoxdankı arzusunun gerçəkləşməsidir.