Asiya İnkişaf Bankı: Çoxqatlı maliyyələşmə strukturu yaradılmalıdır
Bakı, 21 may, AZƏRTAC
Əlçatan mənzil layihələrində milli hökumətlər, şəhər idarəetmələri, inkişaf bankları, özəl sektor və icmaların hər birinin ayrıca rolu var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Asiya İnkişaf Bankının (ADB) Su və Şəhər İnkişafı üzrə direktoru Srinivas Sampat Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Mənzil maliyyələşdirilməsi üçün yeni bir saziş" mövzusunda paneldə deyib.
O qeyd edib ki, inkişaf banklarının məqsədi məhdud kapitaldan istifadə etməklə daha böyük özəl investisiyaları cəlb etməkdir: “Bunun üçün çoxqatlı maliyyələşmə strukturu yaradılmalı və dövlət, beynəlxalq maliyyə institutları və inkişaf kapitalı özəl sektor üçün riskləri azaltmalıdır. Xeyriyyə fondlarının vəsaiti də ilkin riskləri öz üzərinə götürərək özəl investisiyaların cəlb edilməsinə kömək edə bilər. Dünyada kifayət qədər kapital mövcuddur, lakin bir çox layihə düzgün strukturlaşdırılmadığı üçün bu vəsaitlər layihələrə daxil olmur".