İdarə rəisi: WUF13 Azərbaycanın dayanıqlı şəhər transformasiyasına sadiqliyini nümayiş etdirir
Bakı, 21 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın şəhər transformasiyasına, beynəlxalq əməkdaşlığa və şəhər inkişafına innovativ yanaşmalara sadiqliyini nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Bakı Baş Planı – Yeni İnkişaf Dövrünə” mövzusunda keçirilən sessiyada çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Bakının WUF13-ə ev sahibliyi etməsi Azərbaycan üçün böyük qürurdur.
“Şəhərsalma və memarlıq artıq ölkənin milli inkişaf gündəliyinin əsas prioritet istiqamətlərindən birinə çevrilib. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması bu istiqamətdə dövlətin yanaşmasını daha da gücləndirib. Bu qərar şəhərlərin iqtisadi inkişafını, ətraf mühitin dayanıqlılığını və həyat keyfiyyətinin formalaşdırılmasında artan rolunu əks etdirən mühüm strateji addımdır”, – deyə Read Qasımov vurğulayıb.