Türk dünyasının alimləri Qubada: yeni əməkdaşlıq mərhələsi başlayır
Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Birəsrlik türkoloji irsdən Türk dünyasının elmi-mədəni birliyinə” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, hibrid formada keçirilən konfransda Azərbaycan, Özbəkistan və Qırğızıstanın ali təhsil və elm müəssisələrinin nümayəndələri, alimlər, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Konfransı açan ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyev I Türkoloji Qurultayın Türk dünyasının elmi, mədəni və mənəvi birliyi baxımından mühüm tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb. Qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilmiş bu tarixi qurultay türk xalqlarının ortaq sivilizasiya məkanında inteqrasiyasının fundamental əsasını qoyub, əlifba islahatından tutmuş ortaq terminologiyanın yaradılmasına qədər geniş bir hərəkata təkan verib. Direktor bu mötəbər tədbirin ideyalarının indi də öz aktuallığını tam qoruduğunu və müasir Türk Dövlətləri Təşkilatının humanitar hədəfləri ilə birbaşa səsləşdiyini diqqətə çatdırıb.
Konfransda Asiya Texnologiyalar Universiteti, T.Ermatov adına Bişkek Musiqi-Pedaqoji İnstitutu, Fərqanə Dövlət Universiteti və ADPU-nun Quba filialının əməkdaşları türkoloji elmin inkişafı, ortaq elmi platformaların formalaşdırılması, beynəlxalq akademik əməkdaşlıq və türk xalqları arasında elmi-mədəni inteqrasiyanın perspektivləri barədə fikirlərini bölüşüblər.
Türk Akademiyasının prezidenti Şahin Mustafayevin I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans iştirakçılarına ünvanladığı rəsmi müraciət səsləndirilib. Müraciətdə Türkoloji Qurultayın türk xalqlarının ortaq elmi yaddaşında xüsusi yer tutduğu, Türk dünyasının inteqrasiyası və humanitar əməkdaşlığının inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb.
Konfransın yekununda Quba filialı ilə Özbəkistanın Asiya Texnologiyalar Universiteti arasında ikitərəfli strateji tərəfdaşlığı rəsmiləşdirən mühüm əməkdaşlıq memorandumu imzalanıb. Memorandum ali təhsil müəssisələri arasında ortaq elmi-tədqiqat laboratoriyalarının qurulması, birgə beynəlxalq qrant layihələrinin həyata keçirilməsi və elmi tapıntıların qarşılıqlı dövriyyəsi və akademik mübadilə proqramlarını nəzərdə tutur. Həmçinin tələbələrin hər iki universitetdə semestr fəaliyyətlərinin akkreditasiyası və gələcəkdə ikili diplom proqramlarının infrastrukturunun hazırlanmasını, birgə monoqrafiyaların və dərsliklərin nəşr edilməsi kimi məsələləri özündə əks etdirir.