Ramil İsgəndərli: Şəhərsalmada gənclərin və QHT-lərin təklifləri diqqətdən kənarda qalmır
Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları Forumu (QHT) “Davamlı və inklüziv şəhərlərin inkişafında gənclərin və Vətəndaş Cəmiyyətinin rolu” mövzusunda sessiya keçirib.
AZƏRTAC xəbər verir ki, sessiyada çıxış edən QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli ölkəmizdə həyata keçirilən gənclər siyasətindən və QHT-lərin ictimai-siyasi həyatdakı rolundan danışıb.
Nəzərə çatdırılıb ki, Azərbaycanda fəaliyyət göstərən QHT-lərin iqlim dəyişiklikləri və şəhərsalma məsələlərində irəli sürdükləri təklif və layihələr dövlət tərəfindən dəstəklənir. Forum çərçivəsində QHT-lərin fəaliyyəti və həyata keçirməyə çalışdıqları plan müzakirə olunub. Bildirilib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və onun qlobal layihələrdə yer alması üçün imkanlar mövcuddur.
Sonra gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Keniya qeyri-hökumət təşkilatlarının təmsilçisi Vera Bukaçi, “İqlim Fəaliyyətləri Naminə Liberiya Gəncləri” təşkilatının təsisçisi Ezekiel Nyanfor və başqaları çıxış edərək qlobal problemlərin həll olunmasında gənclərin və qeyri hökumət təşkilatlarının böyük rolunun olduğunu qeyd ediblər. Qeyd olunub ki, bəzən hökumətlərin bilmədiyi və araşdırmaq imkanı olmadığı məsələləri QHT-lər görür və araşdırır, bunların vasitəsi ilə problemlər üzə çıxır və həllini tapır.
Çıxışlardan sonra sessiya panel müzakirələrlə davam edib. Müzakirələrdə yeni tip şəhərlərin qurulması və dizaynı üçün gənc mütəxəssislərin fəaliyyətindən, gənclərin ekoloji hərəkatdakı rolundan və yeni ideyalarından bəhs olunub.