Müşavir: Bakı hazırda eyni vaxtda bir neçə transformasiya prosesi yaşayır
Bakı, 21 may, AZƏRTAC
Bu gün şəhərlərin rəqabət qabiliyyəti yalnız iqtisadi göstəricilər və tikinti həcmləri ilə ölçülmür.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin İnstitusional inkişaf məsələləri üzrə müşaviri Fariz Cəfərov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Bakı Baş Planı – Yeni İnkişaf Dövrünə” mövzusunda keçirilən sessiyada çıxışı zamanı bildirib.
Müşavirin sözlərinə görə, şəhərlərin uğuru getdikcə insanların nə dərəcədə səmərəli hərəkət etməsindən, şəhər sistemlərinin nə qədər əlçatan olmasından və sürətli urbanizasiya şəraitində şəhərlərin dayanıqlılığını qoruyub-saxlamasından asılı olur.
“Bakı hazırda eyni vaxtda bir neçə transformasiya prosesi yaşayır. Şəhər sovet şəhərsalma irsi ilə formalaşmış modeldən müasir, çoxmərkəzli meqapolisə çevrilir. Həddindən artıq mərkəzləşmiş şəhər strukturundan daha balanslı metropoliten ekosisteminə keçid baş verir. Bakı əsasən iri istehsal zonaları və monofunksional rayonlarla xarakterizə olunan sənaye şəhərindən mobillik, xidmətlər, texnologiya və dəyişən həyat tərzinin müəyyən etdiyi daha çevik postsənaye şəhər mühitinə transformasiya olunur. Müasir dövrdə şəhərsalmanın ən mürəkkəb tərəflərindən biri şəhərlərin ənənəvi planlaşdırma modellərindən daha sürətlə dəyişməsidir. Şəhərsalma mütəxəssisləri bəzən şəhərləri cəmiyyətin köhnəlmiş modellərinə uyğun planlaşdırmaq riski ilə üzləşirlər. Halbuki müasir şəhərlər statik yanaşmalar üçün həddindən artıq sürətlə inkişaf edir. İnsanların 20 ildən sonra necə yaşayacağını, işləyəcəyini və hərəkət edəcəyini dəqiq proqnozlaşdırmaq asan deyil”, – deyə o vurğulayıb.